Əsas səhifəyə
Psixi Sağlamlıq
məlumat-məsləhət saytı

POSTTRAVMATİK STRESS POZUNTUSU (PTSP)

POSTTRAVMATİK STRESS POZUNTUSU NƏDİR?
HANSI TRAVMATİK (BƏDBƏXT) HADİSƏLƏR PTSP-YƏ SƏBƏB OLA BİLƏR?
POSTTRAVMATİK STRESS POZUNTUSUNUN ƏSAS ƏLAMƏTLƏRİ
POSTTRAVMATİK STRESS POZUNTUSUNU NECƏ AŞKAR ETMƏK OLAR?
POSTTRAVMATİK STRESS POZUNTUSUNUN MÜALİCƏSİ
-   Psixoterapiya
-   Dərman müalicəsi

 

       POSTTRAVMATİK STRESS POZUNTUSU NƏDİR?

İnsanların əksəriyyəti öz həyatları boyu müxtəlif psixi və fiziki travmalara məruz qalırlar. Emosional və/və ya fiziki travma vəziyyətinə düşən (hərbi əməliyyatlarda iştirak, yaxın adamın ölümü, zorakılığın qurbanı olmaq və s.) insanda fiziki və psixi şok reaksiyası əmələ gəlir. Bu normal müdafiə reaksiyası olub, insana ağır stress vəziyyətindən çıxmağa imkan verir. Məsələn, insanda ağrı hissiyyatı zəiflədiyindən (fiziki reaksiya) o şiddətli ağrılara dözə bilir, yaxud yaranan emosional keyləşmə (psixi reaksiya) insana, dəhşətli hadisələrə güclü emosional reaksiya vermədən, məqsədyönlü hərəkətlərini davam etdirməyə imkan verir.

Keçirdiyi şokdan sonra insan tədricən normal emosional vəziyyətinə qayıdır. Keçmişdə qalmış psixi və ya fiziki travma öz əhəmiyyətini itirir və şəxsin sonrakı həyat fəaliyyətini  pozmur.

Lakin bəzən keçirilmiş psixi və fiziki travmalar insanın qəlbində dərin və silinməz iz qoyur, uzun müddətə onun mənəvi rahatlığını pozur və posttravmatik stress pozuntusu (PTSP) adlanan xəstəliyə səbəb olur. Bu xəstəlik həyat və sağlamlıq üçün real təhlükə törədə bilən hadisədən sonra yaranır. Qeyd etmək lazımdır ki, bu emosional pozuntuya yalnız travmatik situasiyaların bilavasitə iştirakçıları deyil, həmçinin zorakılığın, təbii və sosial fəlakətləri şahidi olmuş insanlar da düçar ola bilər.

Əgər Siz travmatik hadisənin iştirakçısı yaxud şahidi olduqdan sonra uzun müddət  (bir neçə ay) normal həyata qayıda bilmirsinizsə; əgər yaşadığınız travma haqqında xatirələr Sizi izləyirsə; bütün bunların nəticəsində özünüzü təhlükəli və amansız həyatın qarşısında aciz və müdafiəsiz hiss edirsinizsə, yüksək ehtimalla söyləmək olar ki, Sizdə posttravmatik stress pozuntusu əmələ gəlmişdir.

 

       HANSI TRAVMATİK (BƏDBƏXT) HADİSƏLƏR PTSP-yə SƏBƏB OLA BİLƏR?

Posttravmatik stress pozuntusunun inkişafına səbəb ola bilən travmatik (bədbəxt) hadisələr aşağıdakılardır:
  -   Müharibə
  -   Terror aktları (məsələn, partlayışlar, girov götürümə);
  -   Təbii fəlakətlər;
  -   Ağır yol-nəqliyyat qəzaları və avioqəzalar/ texnogen fəlakətlər;
  -   Fiziki zorakılıq/ kriminal hərəkətlərin qurbanı olmaq;
  -   Zorlama;
  -   Ağır tibbi əməliyyatlar (məsələn, cərrahiyyə əməliyyatları).

PTSP yarada bilən səbəblər yuxarıda göstərilən siyahı ilə məhdudlaşmır. Həyat və sağlamlıq üçün real (və ya potensial) təhlükə törədən və ilkin olaraq güclü emosional sarsıntı və/və ya fiziki şok yaradan istənilən hadisə posttravmatik stress pozuntusuna gətirə bilər.

 

      POSTTRAVMATİK STRESS POZUNTUSUNUN  ƏSAS  ƏLAMƏTLƏRİ

Posttravmatik stress pozuntusunun əlamətlərini (simptomlarını) 4 qrupa ayırmaq olar:

Travmatik hadisənin təkrar yaşanması

  • Keçirilmiş travmatik hadisə barədə tez-tez təkrarlanan xoşagəlməz sarışan xatirələr;
  • “Fleşbək” halları – tutma şəklində keçən travmatik hadisənin yenidən yaşanması kimi yaranan intensiv duyğular hisslər və təsəvvürlər;
  • Dəhşətli yuxugörmələr (insan keçirdiyi travmatik hadisəni və həmçinin digər qorxunc mənzərələri yuxuda görür);
  • Kimsə yaxud nəsə insana travmatik hadisəni xatırlatdıqda, güclü psixoloji distress (qorxu, gərginlik, məyusluq və s.) və/və ya fiziki diskomfort (təngnəfəslik, ürəkdöyünmə, tərləmə, ürəkbulanma və s.) hisslərinin duyulması;

Stressdən “qaçmaq” və onu inkar etmək cəhdləri

  • Keçirilmiş travmatik (bədbəxt) hadisəni xatırlada biləcək hər hansı fəaliyyətdən, şəraitdən və insanlardan uzaq olmağa çalışmaq;
  • Keçirilmiş travmatik hadisənin vacib məqamlarını xatırlaya bilməmək;

Emosional solğunluq və sosial kənarlaşma 

  • Gündəlik həyati hadisələrə marağın azalması;
  • Emosional boşluq və ətrafdakılara qarşı yadlaşma hissi;
  • Həyatın “dağılmış” və mənasız olması hissi (insan hesab edir ki, yaxşı işi yaxud normal ailəsi olmayacaq, ömrünün sonuna az qalıb);

Sinir sisteminin yüksək oyanıqlığı

  • Yuxuya getməkdə çətinliklər və/və ya narahat və səthi yuxu;
  • Əsəbilik və qəzəb tutmaları;
  • Diqqəti cəmləməkdə çətinliklər;
  • Tez-tez (daim) gərgin vəziyyətdə olmaq;  
  • Əhəmiyyətsiz səbəblərdən diksinmə və qorxuya düşmək (məsələn, qapı çırpılarkən, telefon zəng çalarkən və s.);

Posttravmatik stress pozuntusunun digər tez-tez rast gəlinən digər əlamətlərinə baş ağrıları, tənhalıq duyğusu, günahkarlıq və xəcalət hissləri, intihar barədə fikirlər və s. aiddir. Bu simptomlar PTSP-ni müşayiət edən digər psixi pozuntuların (məsələn, depressiv pozuntunun) əlamətləri ola bilər.

 

       POSTTRAVMATİK STRESS POZUNTUSUNU NECƏ AŞKAR ETMƏK OLAR?

Əgər Siz emosional və/və ya fiziki travmatik hadisə keçirmisinizsə və Sizdə xeyli müddət (bir neçə ay) ərzində POSTTRAVMATİK STRESS POZUNTUSUNUN  ƏSAS  ƏLAMƏTLƏRİ bölməsində göstərilmiş ayrı-ayrı simptomlar qeyd olunursa həkimə müraciət etməyiniz məsləhətdir. Bu halda dəqiq diaqnozunuz müəyyən edilə və ehtiyac olarsa müalicə təyin oluna bilər.

Psixi vəziyyətinizi qiymətləndirmək üçün xüsusi PTSP testdən də istifadə edə bilərsiniz. Bu testə cavab verərkən siz PTSP-nın bu və ya digər əlamətlərinin Sizdə nə dərəcədə olduğunu qeyd edirsiniz. Cavabların cəminə görə siz müəyyən bal toplayırsınız. Topladığınız bala əsasən Siz özünüzdə posttravmatik stress pozuntusunun olub-olmamasını yüksək ehtimalla təyin edə bilərsiniz. Özünüzü yoxlamaq üçün buraya daxil olun.

 

       POSTTRAVMATİK STRESS POZUNTUSUNUN MÜALİCƏSİ

Posttravmatik stress pozuntusunun əsas müalicə metodu psixoterapiya hesab olunur.

Psixoterapiya

PTSP-nin müalicəsində istifadə olunan psixoterapevtik metodlar arasında koqnitiv-biheyvioral terapiya daha səmərəli üsuldur. PTSP-nin müalicəsi üçün koqnitiv-biheyvioral terapiyanın xüsusi adaptasiya olunmuş (uyğunlaşdırılmış) variantından istifadə edilir. Bu psixoterapiya növü keçirilmiş travmatik hadisə ilə bağlı olan  disfunksional fikirlərin, hisslərin və davranışın  dəyişdirilməsinə yönəlmişdir.

PTSP-nin müalicəsində istifadə edilən digər psixoterapiya metodlarına dəstəkləyici və ailə psixoterapiyaları aiddir.

Dərman müalicəsi

Posttravmatik stress pozuntusunun müalicəsində ankziolitiklər (təşviş əleyhinə) və antidepressantlar qruplarına daxil olan dərman preparatları tətbiq edilir. Qeyd olunmalıdır ki, bu preparatların təsiri  posttravmatik stress pozuntusunu tez-tez müşayiət edən digər əsəb pozuntularının (məsələn, depressiyanın) müalicəsinə yönəlmiş olur. 

 Məqalənin müəllifləri: Dr. Murad Sultanov, Dr. Rauf Qəmərlinski

Bu məqalə posttravmatik stresspozuntusunun müxtəlif aspektləri barədə ümumi məlumat verir. Əlavə informasiya üçün bizim saytın mütəxəssislərinə müraciət edə bilərsiniz.