Anoreksiya və ya nevrotik anoreksiya (anorexia neurosa) – kökəlmədən əsassız qorxu hissi eyni zamanda arıqlamağa güclü və dayanıqlı meyllə səciyyələnən qida qəbulu pozuntusudur.
ANOREKSİYA
Müasir cəmiyyətimizdə pəhriz insanın həyatının ayrılmaz hissəsinə çevrilmişdir. Müxtəlif xəstəliklərin müalicəsində həkimlər müalicə pəhrizləri məsləhət görür. Bununla yanaşı, dəbdə olan jurnallar, televiziya verilişləri, internet saytları cürbəcür yeni pəhrizlər təklif edir, insanlar öz aralarında “səmərəli” arıqlama üsullarını müzakirə edirlər. İnsanların əksəriyyəti heç olmasa bir dəfə (bəziləri isə dəfələrlə) qida qəbulu zamanı müəyyən məhdudiyyətlərə riayət etməyə, yaxud pəhriz saxlamağa çalışırlar.
Pəhriz problemi qadınlar üçün daha çox aktuallıq kəsb edir. Gözəl bədən quruluşuna malik olmaq hər bir xanımın böyük arzusudur. Buna nail olmaq üçün qadınlar çox məhrumiyyətlərə dözməyə hazırdırlar. Bəzən bu istək ifrat dərəcəyə çata bilər. Əgər insan daim çəkisi barədə fikirləşirsə, yediyi qidanın kalorisini hər dəfə hesablayırsa, gün ərzində dəfələrlə tərəzinin göstəricisini izləyirsə, həmin şəxsdə qida qəbulu pozuntusunu güman etmək olar. Bu pozuntulara nevrotik anoreksiya və nevrotik bulimiya deyilir.
ANOREKSİYA NƏDİR? yuxarı
Anoreksiya və ya nevrotik anoreksiya (anorexia neurosa) – kökəlmədən əsassız qorxu hissi eyni zamanda arıqlamağa güclü və dayanıqlı meyllə səciyyələnən qida qəbulu pozuntusudur. Hər şey ilk baxışdan adi görünən ideal qadın bədəni kriterilərinə müvafiq istəkdən başlaya bilər. Lakin bəzi hallarda bu istəyə nail olmağa çalışanlar reallıq hissini itirirlər. Onlar çəkilərinin normadan xeyli az olması barədə ətrafdakıların fikirləri ilə formal olaraq razılaşsalar da, ciddi pəhriz saxlamaqda inadkarlıqda davam edirlər.
Anoreksiyadan əziyyət çəkənlərin əksəriyyəti (90%) yeniyetmə qızlar və gənc qadınlardır. Xəstəlik çox vaxt 13-25 yaşlarında başlayır. Ümumi götürüldükdə, anoreksiyanın yayılma dərəcəsi yüksək deyil. Hər 1000 nəfərə 1-3 xəstələnmə halına təsadüf edilir. Lakin anoreksiyanın ağır, çox təhlükəli və ölümlə nəticələnmə ehtimalına malik xəstəlik olmasını nəzərə alaraq problemin ciddiliyini diqqətdən qaçırmaq olmaz. Müxtəlif ölkələrin statistik məlumatlarına əsasən, anoreksiyadan ölüm halları 10-20%-dir! Ölümə səbəb uzun müddətli aclıqdan üzülmə dərəcəsinə çatmış orqanizmin daxili orqanlarında gedən patoloji dəyişikliklər olur. Bununla yanaşı, anoreksiya bir çox hallarda depressiya ilə də müşayiət olunur. Anoreksiyadan əziyyət çəkən pasiyentlərin 15-20%-də özünəqəsd cəhdləri olur. Bəzi ölkələrdə yeniyetmə qızlar arasında ölümün səbəbləri arasında anoreksiya birinci yeri tutur. Hətta sağaldıqdan sonra pasiyentlərin bir qismi keçirdikləri xəstəliyin fəsadlarından əziyyət çəkir. Anoreksiya ilə xəstələnmiş qadınların 30-50%-i sağlamlıqlarını tam bərpa edə bilmirlər. Qadın üçün ən ağır fəsad sonsuzluq ola bilər. Buna baxmayaraq anoreksiyanın müalicəsi mümkündür. Müalicə nə qədər tez başlayarsa, gənc qadının sağalmaq və səhhətini tam bərpa etmək şansları da bir o qədər yüksələr.
ANOREKSİYANIN SƏBƏBLƏRİ yuxarı
Anoreksiyanın yaranmasına səbəb olan amillərə bioloji və psixoloji faktorlar, həmçinin sosial və kultural mühitin təsiri aiddir.
Bioloji amillər
İrsi meyllik: anoreksiyadan əziyyət çəkən pasiyentlərin yaxın qohumları arasında aparılmış tədqiqatlar göstərmişdir ki, anoreksiyası olan qızın doğma bacılarında bu xəstəliyə tutulma ehtimalı yaşıdlarına nisbətən bir neçə dəfə yüksəkdir. Anoreksiyanın irsi faktorlarından söz açarkən burada yalnız irsi meylliyin olduğunu qeyd etmək lazımdır. İrsi meylilik isə, məlum olduğu kimi, heç də bütün hallarda xəstəliyini yaranmasına gətirib çıxarmır.
Bioloji faktorlara həmçinin xarakterik biokimyəvi dəyişikliklər aiddir. Baş beyində neyromediatr adlanan xüsusi bioloji fəal maddələr mövcuddur. Müxtəlif neyromediatrlar beyin hüceyrələri arasında müəyyən impulsların ötürülməsini həyata keçirir. Anoreksiya zamanı bəzi mediatorların, xüsusilə, sorotoninin və noradrenolinin miqdarının azalması qeyd olunur.
Psixoloji amillər
Anoreksiyaya səbəb olan psixoloji amillərə insanın səciyyəvi xasiyyət cizgilərini formalaşdıran uşaqlıq dövrünün psixoloji inkişaf xüsusiyyətləri aiddir. Anoreksiyalı pasiyentlərin özünəməxsus xüsusiyyəti onlarda perfeksionizmə (hər şeydə kamilliyə can atma) meylin olmasıdır. Bununla yanaşı, belə şəxslərdə özünüqiymətləndirmə aşağı səviyyədə olur. Psixoloji amillərə xəstəliyin bulanmasında “təkanverici mexanizm” rolunu oynayan güclü stresslər də aiddir.
Sosial və kultural mühitin amilləri
Anoreksiyanın yaranmasında vacib amillərdən biri də insanın yaşadığı sosial mühitin təsiridir. Müasir cəmiyyətin kultural stereotipləri qadına müəyyən bədən quruluşu standartlarına uyğun olmaq tələbləri irəli sürür. Bu sosial və psixoloji təzyiq hələ kifayət qədər möhkəm olmayan yeniyetmə qızın psixikasına təsir edərək digər amillərlə birgə nevrotik anoreksiyanın əmələ gəlməsinə səbəb ola bilər.
ANOREKSİYANIN ƏSAS ƏLAMƏTLƏRİ VƏ ONUN DİAQNOSTİKASI yuxarı
Anoreksiyanın əsas simptomlarına aiddir:
- Bədən çəkisinin minimal mümkün həddən 15% və daha çox dayanıqlı enməsi, yaxud bədən çəkisi indeksinin* 17,5 və aşağı olması;
- Bədən çəkisinin azalmasının pasiyentin “kökəldən” qidalardan imtina etməsi və aşağıda sadalanan hərəkətlərdən heç olmasa biri nəticəsində baş verməsi:
· özündə qusma yaratmaq;
· işlədici (ishal yaradan) dərmanlardan istifadə;
· həddən çox fiziki hərəkətlər etmək;
· iştahanı zəiflədən və/və ya sidikqovucu dərmanlardan istifadə;
- Kökəlmə qorxusunun sarışan ideya kimi qalması və pasiyentin özü üçün yalnız aşağı çəkini mümkün hesab etməsi ilə müşayiət olunan bədən görünüşünün təhrif olunması;
- Amenoreya və özünü digər simptomlarla göstərən ümumi hormonal pozuntular.
* Bədən çəkisi indeksi kiloqramlarla ifadə olunmuş bədən çəkisinin metrlə ifadə olunmuş boyun kvadratına nisbəti ilə təyin olunur. Məsələn: Sizin çəkiniz 50 kiloqram, boyunuz 1,65 metrdirsə, bədən çəkisi indeksi 50:1,652 = 18,36. Bu rəqəm bədən çəkisi indeksinin minimal mümkün səviyyəsindən aşağıdır. Lakin anoreksiyanı göstərən kritik həddə (17,5) çatmamışdır.
Anoreksiyanın diaqnostikası
Nevrotik anoreksiyanın diaqnozu spesifik simptomların cəminə və onların ifadə dərəcəsinə əsasən müəyyən edilir. Əgər özünüzdə, yaxud ailə üzvlərinizin birində anoreksiyanın yuxarıda təsvir olunmuş hər hansı simptomunu müşahidə edirsinizsə, və ya saxladığınız pəhrizə nəzarəti itirdiyinizi duyursunuzsa, diaqnozu dəqiqləşdirmək və ehtiyac olarsa təcili müalicəyə başlamaq üçün mütləq həkimə müraciət etməliziniz.
İlkin olaraq vəziyyətinizi öyrənmək üçün özünüqiymətləndirmə testindən istifadə edə bilərsiniz. Qida qəbulu testini doldurarkən qida qəbulu pozuntularının bu və ya digər əlamətlərinin sizdə nə dərəcədə olduğunu qeyd edirsiniz. Cavabların cəminə görə siz müəyyən bal toplayırsınız. Topladığınız bala əsasən siz özünüzdə qida qəbulu pozuntusunun olub-olmamasını yüksək ehtimalla təyin edə bilərsiniz. Özünüzü yoxlamaq üçün buraya daxil olun.
ANOREKSİYANIN FƏSADLARI VƏ NƏTİCƏLƏRİ yuxarı
Anoreksiyanın mənfi təsiri, demək olar ki, bütün orqanizmə təsir edir.
Anoreksiya zamanı diqqəti cəmləşdirmək qabiliyyəti və yaddaş zəifləyir, əsəbilik yaranır, qıcığa qarşı həssaslıq artır, yuxu pozulur.
Anoreksiya ideal xarici görkəmə malik olmaq istəyindən törənsə də, son nəticədə şəxsin məhz zahiri görünüşünü eybəcər hala sala bilər: həddən artıq arıqlıq fonunda dərinin quruluğu müşahidə edilir, o sarımtıl rəngə çalır, yüngül zədələrdən üzərində qançırlar əmələ gəlir, saçlar və dırnaqlar nazikləşir, asanlıqla qırılır.
Anoreksiya nəticəsində praktiki olaraq bütün daxili orqanlar zədələnir. Ürək əzələsi zəifləyir, ürəyin ritmi pozulur, qan təzyiqi enir. Bu əlamətlər son nəticədə kəskin ürək çatışmazlığına gətirib çıxarır. Anoreksiyanı həmişə anemiya (“qan azlığı”) müşayiət edir. Orqanizmdə su-duz mübadiləsi pozulduğundan böyrəklərdə daşlar yarana bilər. Ağır hallarda böyrək çatışmazlığı ilə nəticələnən distrofiya inkişaf edir. Sümüklərin strukturunun dəyişməsi bəzən sınıqlara səbəb olur. Orqanizmdə ciddi hormonal pozuntular qeyd edilir və nəticədə amenoreya (aybaşıların kəsilməsi) yaranır. Anoreksiyanın ən geniş yayılmış fəsadı sonsuzluqdur.
Yuxarıda göstərilən pozuntular anoreksiyanın fəsadlarının tam olmayan siyahısıdır. Bütün bunlar həmin xəstəliyin nə qədər təhlükəli olması barədə təsəvvür yaradır.
ANOREKSİYANIN MÜALİCƏSİ yuxarı
Anoreksiya bütün orqanizmə təsir göstərib maddələr mübadiləsində geri dönməyən dəyişikliklər törədə bildiyindən müalicəyə mümkün qədər tez başlamaq lazımdır. Əksər hallarda xəstəxana şəraitində intensiv müalicə tələb olunur. Anoreksiyanın müalicəsi zamanı kompleks terapiya metodları həyata keçirilməlidir. Bunlar 3 əsas istiqamətdə aparılır:
Qəbul edilən qidanın miqdarını tədricən artıran sxemlərdən istifadə olunur. Burada əsas məqsəd orqanizmin pozulmuş maddələr mübadiləsini bərpa etmək, daxili orqanların normal işini təmin etmək və bununla bədən çəkisini normal hüdudlara qaytarmaqdır. Ağır hallarda müalicənin əvvəlində pasiyenti qidalandırmaq üçün venadaxili inyeksiyalardan istifadə olunur. Zəifləmiş orqanizmdə həzm pozuntuları, ödem (şişkinlik) və digər fasadların qarşısını almaq məqsədi ilə qidalanmanın artırılması tədricən həyata keçirilir.
Psixoterapiya müalicənin əsas aspektlərindən biridir. Anoreksiyanın müalicəsində istifadə olunan psixoterapevtik metodlara koqnitiv-biheyvioral və ailə psixoterapiyaları aiddir. Koqnitiv-biheyvioral psixoterapiyanın başlıca məqsədi pasiyentin psixi problemlərinə səbəb olmuş fikirlərindəki və davranışındakı yanlış stereotipləri aşkar edib dəyişməkdir. Ailə psixoterapiyası xəstəlik üçün zəmin yaratmış ailədaxili pozulmuş münasibətləri bərpa etməyə yönəlmiş olur.
Müalicənin bu elementi antidepressantlar və digər dərman preparatlar vasitəsilə aparılır. Dərman terapiyası həm nevrotik anoreksiyanın bilavasitə müalicəsində, həm də bu xəstəliyi çox vaxt müşayiət edən əsəb pozuntularının (əsasən depressiyanın) müalicəsində səmərəli ola bilər.
Məqalənin müəllifləri: Dr. Murad Sultanov, Dr. Rauf Qəmərlinski
Bu məqalə anoreksiyanın müxtəlif aspektləri barədə ümumi məlumat verir. Əlavə informasiya üçün bizim saytın mütəxəssislərinə müraciət edə bilərsiniz.