Adından göründüyü kimi, bipolyar (bi – latınca iki, polyar – qütblü deməkdir) pozuntu emosiyaların iki əks qütblü dəyişiklikləri ilə səciyyələnən xəstəlikdir. Bipolyar pozuntudan əziyyət çəkən insanlarda emosional dəyişikliklər özünü çox güclü şəkildə büruzə verir və maniakal, yaxud depressiv vəziyyətlərə çatır
BİPOLYAR POZUNTU
BİPOLYAR POZUNTU NƏDİR?
Adından göründüyü kimi, bipolyar (bi – latınca iki, polyar – qütblü deməkdir) pozuntu emosiyaların iki əks qütblü dəyişiklikləri ilə səciyyələnən xəstəlikdir. Ümumiyyətlə, əhvali-ruhiyyənin dəyişməsi sağlam insan üçün də təbii hesab olunur. Müəyyən vaxtlar bizim əhvali-ruhiyyəmiz yaxşı olur, özümüzü gümrah hiss edirik, gələcəyə nikbin nəzərlərlə baxırıq. Bəzən isə, kədərli və fikirli oluruq, yorğunluq hiss edirik, gündəlik işlərimizdən bezirik, həyatın faniliyi barədə düşünürük. Adi hallardan fərqli olaraq, bipolyar pozuntudan əziyyət çəkən insanlarda emosional dəyişikliklər özünü çox güclü şəkildə büruzə verir və maniakal, yaxud depressiv vəziyyətlərə çatır (əvvəllər bu xəstəliyi maniakal-depressiv pozuntu adlandırırdılar). Bir qayda olaraq, bipolyar pozuntu zamanı insan emosiyalarının “kənar qütblərində” uzun müddət (həftlələrlə və ya aylarla) qalır.
Statistik məlumatlara əsasən, bipolyar pozuntu ilə xəstələnmək riski 1-1,5% təşkil edir. Qadınlar və kişilər arasında xəstələnmə halları demək olar ki, eynidir.
Bipolyar pozuntu ciddi və potensial olaraq təhlükəli xəstəlikdir. Buna görə də diaqnozu vaxtında təyin etmək və müalicəyə başlamaq lazımdır. Xəstəlik, ağır olmasına baxmayaraq, müalicəyə çox yaxşı tabe olur. Əksər hallarda düzgün müalicədən sonra xəstəliyin bütün əlamətləri keçib-gedir və bipolyar pozuntu keçirmiş insan normal həyat tərzinə qayıdır. Əgər siz əvvəllər bipolyar pozuntu keçirmisinizsə, unutmamalısınız ki, xəstəliyin təkrarlanması mümkündür. Lakin bu halda da, düzgün müalicə vasitəsilə xəstəliyi cilovlamaq olar. Beləliklə, xəstəlik sizi yox, siz xəstəliyi nəzarət altında saxlayırsınız.
POZUNTUNUN ƏSAS ƏLAMƏTLƏRİ yuxarı
Bipolyar pozuntunun tipləri və fazaları
Bipolyar pozuntudan əziyyət çəkən insanda xəstəliyin fazalarının periodik dəyişməsi qeyd olunur. Onun vəziyyəti bir “qütbdən” digərinə doğru dəyişir. O, gah emosiyaların həddən artıq yüksəlməsi ilə gedən maniakal (yaxud, hipomaniakal) fazada olur, gah da dərin kədər və ümidsizliklə müşayiət olunan depressiyaya düşür. Hər bir fazanın davametmə müddəti müxtəlif ola bilər: tutma bir necə həftədən bir necə aya qədər davam edir. Adətən depressiv fazalar maniakal (hipomaniakal) fazalardan) daha uzun müddət davam edir.
Fazalararası dövrdə normal emosional vəziyyət periodları qeyd oluna bilər. Bəzən bipolyar pozuntunun maniakal (və ya hipomaniakal) fazasının depressiv fazaya və tez-tez əksinə keçməsi mümkündür.

Bu və ya digər fazaların rast gəlməsindən asılı olaraq bipolyar pozuntu iki tipə bölünür:
1-ci tip bipolyar pozuntu: maniakal faza + depressiv faza
2-ci tip bipolyar pozuntu: hipomaniakal faza + depressiv faza
İnsan özündə qeyri-adi qüvvət və enerji hiss edir, əhvalı daim həddən artıq yüksək olur. Yuxuya tələbat kəskin azalır (insan praktiki olaraq bir neçə sutka yuxusuz qala bilir və yorğunluq hiss etmir). Fikirlər gur axın şəklində gələrək tez-tez dəyişər və bir-birini əvəz edir. İnsan beyninə gələn fikirləri ətrafdakılara elə sürətlə danışır ki, dedikləri arasında əlaqəni tutmaq çox çətin olur. Belə vəziyyətdə olan şəxsə elə gəlir ki, o, hər şeyə qadirdir, görə bilmədiyi iş yoxdur. Dahi və qüdrətli olması barədə sayıqlama fikirləri də qeyd oluna bilər.
Maniakal vəziyyətdə şəxs öz davranışı üzərində nəzarəti itirmiş olur. Bu halda insan nəticələri barədə fikirləşmədən impulsiv, qəribə, yöndəmsiz, riskli, bəzən isə təhlükəli hərəkətlər edə bilər. O, qızğın, lakin qarmaqarışıq fəaliyyətdə olur. Diqqətini heç nəyin üzərində cəmləşdirə bilmir, bir işi sona yetirməmiş digərinə başlayır, bütün əməllərini yarımçıq qoyur. Bəzi ağır halarda maniakal vəziyytdə olan insanda hallüsinasiyalar da meydana çıxa bilər. Şəxs özünü “çox yaxşı” hiss etdiyindən xəstəliyini dərk etmir. Lakin onun qeyri-adi davranəşı ətrafdakıları narahat edir və həkimə müraciət üçün əsas olur.
Hipomaniakal (zəif maniakal) vəziyyətdə olan insanda yuxarıda qeyd olunan maniakal vəziyyətin əlamətləri müşahidə olunur. Lakin bu əlamətlər nisbətən az dərəcədə ifadə olunmuşdur. Belə halda insan qeyri-adi dərəcədə fəal və enerjili olur, sürətlə düşünur, tələsik qərarlar qəbul edir. Şəxs ətrafdakı vəziyyətdən asılı olmadan (və ya onun əksinə olaraq) yüksək əhvali-ruhiyyədə olur, gələcəyə yalnız nikbin baxır. Bununla belə, maniakal vəziyyətdən fəqli olaraq, insan adi gündəlik vəzifələrin öhdəsindən gələ bilir, həyat ritmi kobud pozulmur, reallıqla əlaqəsini itirmir. Bu vəziyyətdə sayıqlama və hallüsinasiyalar qeyd olunmur.
Hipomaniakal vəziyyətdə insanın davranışı öz qeyri-adiliyi ilə diqqəti o qədər də cəlb etmir. Ətrafdakılar, adətən, onun “kefinin yaxşı olduğunu” və əvvəlkinə nisbətən fəallığını görürlər. Əksər hallarda insanlar belə vəziyyətlərini xəstəliklə əlaqələndirmir və həkimə müraciət etmirlər. Bununla yanaşı, hipomaniakal vəziyyətdə olan insanlar bəzi düşünülməmiş hərəkətləri ilə ailədə, qohumlar arasında, iş yerində münasibətlərinə və nüfuzlarına xələl gətirə bilərlər. Onu da unutmaq olmaz ki, “yaxşı əhvali-rühiyyədə dövrü” gec-tez xəstəliyin depressiv fazasının iztirabları ilə nəticələnəcək.
Bipolyar pozuntunun depressiv fazası üçün xas olan əlamətlər aşağıdakılardır:
- əhvali-ruhiyyənin enməsi (bütün gün ərzində və ya sutkanın çox hissəsində);
- insan heç nəyə maraq göstərmir, əvvəllər müsbət emosiyalar doğuran şeylər ona zövq vermir;
- iş qabiliyyəti enir, tez yorulur;
- fikrini cəmləşdirə bilmir, diqqət ilə bağlı problemlər yarana bilir;
- insan özünü olduğundan aşağı qiymətləndirir;
- insanda günahkarlıq hissi yaranır, tez-tez keçmiş səhvləri haqqında düşünür, bütün pis işlərdə özünü təqsirli sayır;
- gələcək haqqında bədbin fikirdə olur;
- ölüm haqqında çox düşünür, intihar barədə fikirlər yarana bilir;
- yuxu və iştaha pozulur.
Depressiv vəziyyət zamanı rast gəlinən digər əlamətlər də var. Depressiv fazada olan insanda bu əlamətlərin hamısı eyni zamanda olmaya da bilər. Diaqnoz həkim tərəfindən qoyulur. Bu zaman müəyyən simptomların ağırlıq dərəcəsi, davametmə müddəti və onların müştərək rast gəlinməsi əsas götürülür.
Depressiv vəziyyəti təyin etmək üçün xüsusi testlərdən də istifadə edə bilərsiniz. Bu testlərə cavab verərkən depressiyanın bu və ya digər əlamətlərinin sizdə nə dərəcədə olduğunu qeyd edirsiniz. Cavabların cəminə görə siz müəyyən bal toplayırsınız. Topladığınız bala əsasən özünüzdə depressiv vəziyyətin olub-olmamasını böyük ehtimalla təyin edə bilərsiniz. Özünüzü yoxlamaq üçün buraya daxil olun.
Depressiv fazada olan insanın vəziyyəti demək olar ki, ağır formalı depressiv pozuntuda olduğu kimidir. Bipolyar pozuntu zamanı əvvəllər maniakal, yaxud hipomaniakal fazanın olması bu xəstəliklərin əsas fərqli cəhətidir. Siz bilməlisiniz ki, əlamətlərin oxşarlığına baxmayaraq, depressiya və bipolyar pozuntu müxtəlif xəstəliklərdir və onların müalicəsi də fərqlənir. Buna görə də, sizi hazırda depressiya əlamətləri narahat edirsə, lakin əvvəllər əhvalınızın və fəallığınızın qeyri-adi yüksəlməsi halları olubsa, həkimə müraciət edərkən bu barədə ona mütləq məlumat verin.
Depressiv vəziyyətin bipolyar pozuntu mənşəli olmasını göstərən əlavə (təxmini) əlamətlər də ola bilər. Onlara aşağıdakılar aiddir:
- Müəyyən dövriliklə təkrarlanan depressiyalar;
- Depressiyada olarkən çox yemək və çox yatmaq;
- Depressiyada olarkən reallıqla əlaqənin itirilməsi hissi;
- Antidepressant preparatlarla müalicə zamanı:
· antidepressant qəbulundan sonra əhvali-ruhiyyənin normadan artıq yüksəlməsi;
· və/və ya antidepressantlar qəbul edərkən bir müddətdən sonra müalicəvi effektin itməsi;
· və/və ya 3, yaxud daha artıq antidepressant preparatın heç bir müalicəvi effektinin olmaması.
BİPOLYAR POZUNTUNUN MÜALİCƏSİ yuxarı
Dərman müalicəsi
Bipolyar pozuntunun müalicəsinin təməl daşı dərman terapiyasıdır. Bu xəstəliyin müalicəsində əsasən əhvali-ruhiyyə stabilizatorlarından (normatimiklər) istifadə olunur. Antidepressantlar da tətbiq oluna bilər. Qeyd etmək lazımdır ki, antidepressantlar yalnız əhvali-ruhiyyə stabilizatorları ilə müştərək təyin edilir. Hər bir pasiyent üçün dərman təyini fərdi qaydada aparılır. Bipolyar pozuntu zamanı dərman seçimi və müalicə sxeminin tərtibi yalnız həkim tərəfindən həyata keçirilməlidir.
Əgər siz bipolyar pozuntu ilə əlaqədar dərman qəbul edirsinizsə, aşağıdakıları bilməlisiniz:
- Dərman preparatları ilə müalicə əksər hallarda pasiyetlərin xəstəlik vəziyyətindən (tutmadan) çıxması ilə nəticələnir və xəstəliyin tutmasını keçirmiş insanlar tam dəyərli həyat tərzi sürə bilirlər;
- Bipolyar pozuntunun müalicəsi iki mərhələdən ibarətdir: intensiv müalicə və qoruyucu terapiya. İntensiv müalicənin məqsədi xəstəliyin bütün simptomlarının aradan qaldırılmasıdır. Bipolyar pozuntunun müalicəsi zamanı dərmanların müsbət təsiri bir müddətdən sonra yaranır. Adətən, mütəmadi dərman qəbulundan 1-2 həftə sonra pasiyent özündə yaxşılaşma hiss etməyə başlayır. Müalicənin gedişində bipolyar pozuntunun əsas əlamətlərinin tam keçməsi üçün isə 1-1,5 ay vaxt tələb olunur;
- Bpolyar pozuntunun müalicəsi üzünmüddətlidir. Xəstəlik əlamətləri tam keçdikdə və praktiki sağlam vəziyyətə çatdıqda belə, təkrarı tutmaların qarşısını almaq üçün dərman müalicəsini davam etdirmək lazımdır. Müalicənin bu mərhələsi qoruyucu terapiya adlanır. Bu mərhələdə dərmanların dozaları əvvəlki, intensiv müalicədə təyin olunan preparatların dozalarından az olur. Yadda saxlamalısınız ki, özünüzü yaxşı hiss etdikdən sonra dərman qəbulunu özbaşına dayandırmaq olmaz. Bu, xəstəliyin təkrar tutması ilə nəticələnə bilər.
- Müxtəlif dərman preparatlarından düzgün istifadə edilməməsi sağlamlığa ciddi ziyan vura bilər. Ona görə də müalicə üçün konkret dərmanların seçimi, onların qəbul qaydası, dozası və s. yalnız həkim tərəfindən təyin edilir. Özbaşına aparılan müalicənin sağlamlıq üçün çox təhlükəli olduğunu unutmayın!
Bipolyar pozuntuda dərman müalicəsi aparıcı metod olsa da, psixoterapiyanın da xüsusi rolunu qeyd etmək lazımdır.
Psixoterapiya – psixoloji üsullar və metodlar vasitəsilə həyata keçirilən müalicədir. Bipolyar pozuntunun psixoterapiyasının məqsədi xəstəlik zamanı meydana çıxmış müxtəlif psixoloji problemlərin (emosional, şəxsi və s.) həllində pasiyentə köməkdir. Psixoterapiya prosesində pasiyent öz emosiyalarını tənzimləməyin yeni vərdişlərinə yiyələnir, stress vəziyyətlərinin nəticələrini aradan qaldırmağı öyrənir, xəstəlik dövründə pozulmuş münasibətləri bərpa etməyə çalışır. Bu müalicə metodu pasiyentin mütəmadi olaraq (bir qayda olaraq, hər həftə) psixoterapevtlə ünsiyyətdə olmasını nəzərdə tutur.
Bipolyar pozuntu keçirmiş insanlar xəstəliyin qayıtma (residiv) riskini unutmamalıdırlar. Buna görə onlar həmin riski minimuma endirmək üçün öz həyat tərzlərini düzgün tənzimləməlidirlər. Həyat tərzinin tənzimlənməsi aşağıdakıları nəzərdə tutur:
· Yuxu rejiminin gözlənilməsi (həmişə eyni vaxtda yatmaq, gecə yuxusunu pozmamaq, gecə saatlarında işləməmək);
· Həddən artıq yorulmadan özünü qorumaq; əgər mümkünsə, intensiv iş rejimi tələb edən iş yerini dəyişmək;
· Vaxtında və mütəmadi istirahət etmək; gündəlik, həftəlik və illik istirahət rejiminə riayət etmək;
· Spirtli içkilərin qəbulundan çəkinmək (tam imtina etmək daha yaxşı olar);
· Münaqişəli vəziyyətlərdən qaçmaq və stress situasiyalarını minimuma endirmək.
Məqalənin müəllifləri: Dr. Murad Sultanov, Dr. Rauf Qəmərlinski
Bu məqalə bipolyar pozuntusunun müxtəlif aspektləri barədə ümumi məlumat verir. Əlavə informasiya üçün bizim saytın mütəxəssislərinə müraciət edə bilərsiniz.