Təşviş və qorxu hissləri ilə müşayiət olunan müxtəlif növ nevrozlar təşviş pozuntuları adlanır. Bu əsəb pozuntularına ümumi təşviş pozuntusu, sosial fobiya, aqorafobiya, spesifik fobiyalar, vahimə (panik) pozuntusu və digər pozuntular aiddir.

TƏŞVİŞ POZUNTULARI (fobiyalar və panik hücumlar)

 

  TƏŞVİŞ POZUNTUSU NƏDİR?

Təşviş və qorxu hissləri ilə müşayiət olunan müxtəlif növ nevrozlar təşviş pozuntuları adlanır. Bu əsəb pozuntularına ümumi təşviş pozuntusu, sosial (ictimai) fobiya, aqorafobiya, spesifik fobiyalar, vahimə (panik) pozuntusu, obsessiv-kompulsiv pozuntu (sarışan hallar nevrozu), posttravmatik stress pozuntusu aiddir. Müxtəlif təşviş pozuntularından əhalinin 15-18%-i əziyyət çəkir. Əsəb xəstəlikləri arasında, yayılmasına görə, təşviş pozuntuları yalnız depressiyadan geri qalır.
Qorxu və təşviş insanın təbii emosional reaksiyalarıdır. İnsanın həyatına təhlükə yarandıqda bu hisslər hər bir fərddə meydana çıxır və onun fəaliyyətini təhlükədən qurtarmağa yönəldir. Lakin hər hansı situasiyaya qarşı həddən artıq güclü qorxu və təşviş yaranarsa, yaxud bu hisslər əsassız meydana çıxarsa, belə vəziyyət təşviş pozuntuları adını almış əsəb xəstəliklərinin əlaməti kimi qiymətləndirilir.
 

  TƏŞVİŞ POZUNTULARININ HANSI NÖVLƏRİ VAR? yuxarı 

Bu bölmədə müxtəlif təşviş pozuntularının qısa təsviri verilmişdir. Obsessiv-kompulsivposttravmatik stress pozuntularına isə ayrıca məqalələr həsr olunub.   
Ümumi təşviş pozuntusu
Ümumi təşviş pozuntusu özünü müxtəlif səbəblər üzündən baş verən həddən artıq güclü, çətin nəzarət olunan və çox vaxt əsassız narahatlıq hissi şəklində göstərir. Bu təşviş pozuntusundan əziyyət çəkən insanlar demək olar ki, hər gün gərginlik içində olur və qorxu hissi ilə yaşayırlar. Onların gərginliyi və qorxu hissi gündəlik həyatın adi vəziyyətləri ilə bağlı olur. Məsələn: öz səhhəti və yaxınlarının sağlamlığı ilə bağlı qorxu, maddi vəziyyətlə əlaqədar daimi həyəcan, təhlükəsizliyinə görə əsasız narahatlıq hissi. Həyatlarında baş verən demək olar ki, bütün hadisələrin (ailədə, işdə və s.) pis ssenari üzrə inkişaf edəcəyini gözləyirlər. Onlarda həmçinin müxtəlif somatik (bədən) simptomlar (təngnəfəslik, ürəkbulanma, əllərin və ayaqların keyləşməsi, baş ağrıları, udmanın çətinləşməsi, barmaqlarda gizilti, əzələlərdə gərqinlik, tez yorulma və s.) ola bilər.
Əhalinin 2-3%-i ümumi təşviş pozuntusundan əziyyət çəkir. Qadınlar arasında bu xəstəliyə kişilərə nisbətən 2 dəfə çox rast gəlinir.   
Aqorafobiya 
Aqorafobiya zamanı təşviş tutmaları aşağıdakı hallarda qeyd olunur: kütlə içində, yaxud çoxlu adam yığışmış yerdə olmaq; açıq sahələrdə (məsələn, düzənlikdə, meydanda) olmaq. Güclü təşviş tutmaları həmçinin ətrafdakıların diqqətini cəlb etmədən, tərk edilməsi mümkün olmayan yerlərdə də meydana çıxa bilər. Aqorafobiyalı insanlar qəfil vahimə tutmları (bax: panik hücumlar) keçirə bilərlər. Onların təşvişi və ümumi həyəcanı camaatın arasında rüsvay olmaq və aciz görünmək qorxusu ilə də bağlıdır. Vahimə tutmasının ictimai yerdə baş verməsi qorxusu onların vəziyyətini daha da gərginləşdirir. Bunun nəticəsində aqorafobiyadan uzun müddət əziyyət çəkən insanlar vaxtlarının çox hissəsini evdə keçirir və harasa çıxmaq onlar üçün çətin problemə çevrilir. 
Əhalinin 2,5-3,5%-i ümumi təşviş pozuntusundan əziyyət çəkir. Qadınlar arasında bu xəstəliyə kişilərə nisbətən 2 dəfə çox rast gəlinir.
Vahimə pozuntusu (panik hücümlar)
Vahimə pozuntusundan əziyyət çəkən insanları panik hücumlar narahat edir. Panik hücum – qorxu və təşviş hissinin şiddətli tutmasıdır. Belə tutma özünü müxtəlif əlamətlər (simptomlar) şəklində göstərir. Panik hücumlar zamanı daha çox rast gəlinən simptomlar aşağıdakılardır:
-        Başgicəllənmə, insana elə gəlir ki, indi huşunu itirəcək;
-        Huşunu itirmək, dəli olmaq, hərəkətləri üzərində nəzarəti itirmək qorxusu;
-        Ölüm qorxusu;
-        Güclü ürəkdöyünmə, insana elə gəlir ki, “ürəyi yerindən qopacaq”;
-        Təngnəfəslik;
-        Hava çatışmazlığı, boğazda spazm, boğulma hissi;
-        Döş qəfəsində ağrı;
-        Güclü tərləmə;
-        Titrətmə, daxili əsmə hissi;
-        Ürəkbulanma, qarında ağrılar;
-        Əllərdə və ayaqlarda keyləşmə, yaxud gizilti hissi;
-        Baş verənlərin gerçək olmaması (reallığın itirilməsi) hissi.  
Əksər hallarda vahimə hücumları 2-3 dəqiqədən, yarım saata qədər (orta hesabla 10-15 dəqiqə) davam edir. Tutmaların tezliyi müxtəlifdir: ildə 1-2 tutmadan, hər gün dəfələrlə təkrarlanan vahimə hücumlarınadək olur.
Bundan əlavə, panik hücumlar aqorafobiya və digər əsəb pozuntularında da bir əlamət kimi meydana çıxa bilər.
Əhalinin 3-5%-i ümumi təşviş pozuntusundan əziyyət çəkir. Qadınlar arasında bu xəstəliyə kişilərə nisbətən 2 dəfə çox rast gəlinir.   
Sosial fobiya                    
Adət etmədiyi situasiyada, yaxud tanış olmayan şəxslərlə görüş zamanı insanın bir qədər sıxıntı keçirməsi təbii haldır. İlkin gərginliyi dəf edəndən sonra insanların əksəriyyəti yeni şəraitə asanlıqla uyğunlaşır. Lakin bəziləri üçün cəmiyyətə uyğunlaşmaq ciddi problemə çevrilir.
Əgər siz yad adamların arasında demək olar ki, həmişə güclü gərginlik və sıxıntı duyursunuzsa; əgər haqqınızda başqalarının nə düşünməsi sizi daim narahat edirsə; əgər siz ətrafdakıların rəğbətini qazanmağa çalışır və buna nail ola bildiyinizə inanmırsınızsa; əgər özünüzə inamsızlığınızdan “kölgədə qalmağa” çalışırsınızsa; əgər başqalarının sizə mənfi münasibət göstərə biləcəyindən qorxaraq onlarla ünsiyyətdən qaçırsınızsa; əgər yuxarıda göstərilən səbəblər üzündən ictimai həyatınız və sosial əlaqələriniz xeyli məhdudlaşıbsa, çox güman ki, siz təşviş pozuntusunun bir forması olan sosial fobiyadan əziyyət çəkirsiniz.
Sosial fobiyadan əziyyət çəkən pasiyentlər başqalarının diqqətini cəlb etdikləri (və ya bunu güman etdikləri) situasiyalarda irrasional qorxu hissi keçirirlər. Qorxu yarada biləcək situasiyalara aiddir:  
-        Tanışlıq və yaxşı tanımadığı insanlarla ünsiyyət;
-        Vəzifəcə yüksək olan şəxslərlə ünsiyyət;
-        Telefonla danışıqlar;
-        Hər hansı işi başqalarının yanında görmək;
-        İnsanların qarşısında çıxış etmək.
Sosial fobiyası olan insanlar müxtəlif ictimai situasiyalarda qorxu ilə yanaşı, cürbəcür fiziki narahatlıq əlamətləri də duyurlar. Belə əlamətlərə aiddir:       
-        Ürəkdöyünmə;
-        Titrətmə;
-        Çox tərləmə;
-        Əzələ gərginliyi;
-        Ağızda quruluq;
-        Qarında ağrılar;
-        İstilik, yaxud soyuqluq hissi;
-        Döş qəfəsində sıxıntı;
-        Başgicəllənmə;
-        Baş ağrıları.
Əksər hallarda sosial fobiya yeniyetmə dövründə başlayır və uzun müddət (illərlə) davam edir. Bu xəstəlik təşviş pozuntuları arasında ən geniş yayılmış pozuntudur. Müxtəlif ölkələrin statistik məlumatlarına əsasən, bu xəstəlikdən əhalinin 5-13%-i əziyyət çəkir. Qadınlar kişilərə nisbətən 1,5 dəfə çox xəstələnirlər.  
Spesifik fobiyalar
Müəyyən situasiya və ya obyektlərlə bağlı insanda irrasional qorxu ilə müşayiət olunan müxtəlif təşviş pozuntularını ümumi olaraq spesifik fobiyalar adlandırırlar. Bir sıra hallarda qorxu hissi o gədər güclü olur ki, panik hücum dərəcəsinə çatır. Bunun nəticəsində fobiyanın bu və ya digər formasından əziyyət çəkən insan onda qorxu yaradan situasiyadan “qaçmağa” çalışır. Ən çox rast gəlinən spesifik fobiyalar aşağıdakılardır: 
·           Akrofobiya – (hündürlükdən qorxma);
·           Açluofobiya – (qaranlıqdan qorxma);
·           Klaustrofobiya – (qapalı yerlərdən qorxma);
·           Mizofobiya – (çirklənməkdən qorxma);
·           Noktifobiya – (gecə düşməsindən qorxma);
·           Pteromerxanofobiya – (uçuşlardan, məsələn, təyyarə, helikopter və s. qorxma);
·           Entomofobiya – (həşəratlardan qorxma).
Spesifik fobiyalar təşviş pozuntuları arasında, yayılmasına görə, ikinci yeri tutur. Müxtəlif ölkələrin statistik məlumatlarına əsasən, bu xəstəlikdən əhalinin 3-8%-i əziyyət çəkir. Qadınlar kişilərə nisbətən 2 dəfə çox xəstələnirlər.
 

  TƏŞVİŞ POZUNTUSUNU NECƏ AŞKAR ETMƏK OLAR? yuxarı 

Əgər sizdə müəyyən müddət ərzində daimi olaraq TƏŞVİŞ POZUNTULARIN HANSI NÖVLƏRİ VAR?  bölməsində göstərilmiş əlamətlər qeyd olunursa, diaqnozu dəqiqləşdirmək üçün həkimə müraciət etməyiniz vacibdir.   
Psixi vəziyyətinizi qiymətləndirmək üçün xüsusi testlərdən də istifadə edə bilərsiniz. Təşviş və fobiyalara aid testinə cavab verərkən təşviş pozuntularının bu və ya digər əlamətlərinin sizdə nə dərəcədə olduğunu qeyd edirsiniz. Cavabların cəminə görə siz müəyyən bal toplayırsınız. Topladığınız bala əsasən, siz özünüzdə təşviş pozuntusunun olub-olmamasını yüksək ehtimalla təyin edə bilərsiniz. Özünüzü yoxlamaq üçün buraya daxil olun
 
  TƏŞVİŞ POZUNTULARI NECƏ MÜALİCƏ OLUNUR? yuxarı 
Təşviş pozuntularının müalicəsində iki əsas üsuldan istifadə edilir: dərman müalicəsi və psixoterapiya.
Medikamentoz müalicə
Təşviş və fobiyaların dərman müalicəsində müxtəlif farmakoloji preparatlardan istifadə olunur. Müalicə əsasən anksiolitik (təşviş əleyhinə) preparatlar qrupuna daxil olan dərmanlarla aparılır. Bundan başqa sakitləşdirici (sedativ) effektə malik antidepressantlardan və digər dərmanlardan da istifadə olunur. 
Lakin dərmanların “kənar” xoşagəlməz təsirləri də var. Onlardan bəziləri, uzun müddət qəbul edildikdə, öyrəşmə və asıllıq yarada bilir. Ona görə də müalicə üçün konkret dərmanların seçimi, onların qəbul qaydası, dozası və s. yalnız həkim tərəfindən təyin edilir. Özbaşına aparılan müalicənin sağlamlıq üçün çox təhlükəli olduğunu unutmayın!
Psixoterapiya – psixoloji üsul və metodlar vasitəsilə həyata keçirilən müalicədir. Təşviş pozuntularının müalicəsi zamanı psixoterapiya müxtəlif psixoloji problemlərin (emosional, şəxsi və s.) həllinə yönəlir. Bu müalicə metodu pasiyentin mütəmadi olaraq (bir qayda olaraq, hər həftə) psixoterapevtlə ünsiyyətdə olmasını nəzərdə tutur. 
Təşviş pozuntularının müalicəsində daha çox tövsiyə olunan psixoterapiya metodu koqnitiv-biheyvioral psixoterapiyadır.
Koqnitiv-biheyvioral psixoterapiya – pasiyentin neqativ fikirlərini aşkar etməkdə və onların yanlış olmasını dərk etməkdə, həmçinin irrasional davranış vərdiş və stereotiplərini aradan qaldırmaqda ona kömək edir. Bu psixoterapiya metodu, adətən, həftədə 1 dəfə olmaqla 12-20 psixoterapevtik sessiya keçirilməsini nəzərdə tutur.
Sosial fobiyanın müalicəsində interpersonal psixoterapiyanın tətbiqi də səmərəli ola bilər.     
İnterpersonal (şəxslərarası) psixoterapiya – pasiyentin həyatında emosional cəhətdən yaxın insanlarla münasibətlərindəki problemlərin həllinə yönəlmiş psixoterapiyadır. Psixoterapevt pasiyentə yaxın adamları ilə münasibətlərini nizamlamaqda və yaxşılaşdırmaqda kömək edir. Bunun nəticəsində pasiyentin vəziyyəti yaxşılaşır. Bu psixoterapiya metodu da, adətən, həftədə 1 dəfə olmaqla 12-20 psixoterapevtik sessiya keçirilməsini nəzərdə tutur.      
Hazırda təşviş pozuntularının müalicəsində dərman müalicəsinin və psixoterapiyanın müştərək istifadəsi ən səmərəli üsul hesab edilir.
 
Məqalənin müəllifləri: Dr. Murad Sultanov, Dr. Rauf Qəmərlinski

Bu məqalə təşviş pozuntularının müxtəlif aspektləri barədə ümumi məlumat verir. Əlavə informasiya üçün bizim saytın mütəxəssislərinə müraciət edə bilərsiniz.