Depressiya ən geniş yayılmış əsəb pozuntusudur. Əldə olan məlumatlara görə hər beş nəfərdən biri ömründə heç olmasa bir dəfə depressiya ilə xəstələnir. Adi emosional dəyişikliklərdən fərqli olaraq depressiyada əhvali-ruhiyyənin enməsi və digər emosional pozuntular davamlı olur və bir sıra hallarda səbəbsiz meydana çıxır.

    DEPRESSİYA

XƏSTƏLİK, YAXUD SADƏCƏ, PİS ƏHVALİ-RUHİYYƏ?
-      Psixoterapiya
 
 
XƏSTƏLİK, YAXUD SADƏCƏ, PİS ƏHVALİ-RUHİYYƏ?
Depressiya ən geniş yayılmış əsəb pozuntusudur. Əldə olan məlumatlara görə dünya üzrə hər beş nəfərdən biri ömründə heç olmasa bir dəfə depressiya ilə xəstələnir. Depressiya ilə xəstələnmək ehtimalı müxtəlifdir. Kimsə cəmi bir dəfə depressiya keçirdiyi halda, başqalarında bu xəstəlik həyatı boyu bir neçə dəfə təkrarlana bilər. Statistikaya əsasən, qadınlarda depressiya ilə xəstələnmə hallarına kişilərə nisbətən 2 dəfə çox rast gəlinir.
Depressiyanın bəzi əlamətləri, məsələn, kefsizlik hər bir insanın həyatında baş verən adi vəziyyətlərə bənzəyə bilər. Lakin adi emosional dəyişikliklərdən fərqli olaraq depressiyada əhvali-ruhiyyənin enməsi və digər emosional pozuntular davamlı olur və bir sıra hallarda səbəbsiz meydana çıxır.
Depressiya həm müxtəlif xarici təsirlərin nəticəsində, həm də heç bir zahiri səbəb olmadan yarana bilər. Əgər insanda ciddi səbəb olmadan bədbinlik, kefsizlik, kədər, ümidsizlik, acizlik və bu kimi hisslər müşahidə edilirsə, çox güman ki, o, depressiya vəziyyətindədir. Bu halda xəstəliyin olmasını göstərən əsas meyar depressiv vəziyyəti yaradan zahiri səbəbin olmamasıdır.
Çox hallarda depressiya xarici təsirlər nəticəsində əmələ gəlir. Təəssüf ki, biz tez-tez ağır həyat şəraiti ilə əlaqədar (yaxınların vəfatı, iş yerinin itirilməsi, münasibətlərin pozulması və s.) emosional sarsıntılar və stresslər keçiririk. Belə hadisələrə insanın neqativ emosional münasibəti təbiidir. Bu emosional reaksiyaları depressiv adlandırmaq olar. Lakin həmin depressiv reaksiyalar sözün əsl mənasında depressiya deyil, yəni xəstəliyi göstərmir. Normal halda keçirilmiş emosional sarsıntıdan sonra insanda psixoloji müdafiə mexanizmləri işə düşməli və onu əvvəlki həyat axarına qaytarmalıdır. Əgər bu baş vermirsə və insan uzun müddət (məsələn, həftələr və aylarla) depressiv vəziyyətdə qalırsa, belə halda əminliklə demək olur ki, həmin şəxsdə depressiya adlı xəstəlik inkişaf edib və onun müalicəyə ehtiyacı var. 
 

   DEPRESSİYA NƏDƏN YARANIR? yuxarı

Depressiya bir sıra müxtəlif amillərin təsirindən əmələ gəlir. Bu amillərə irsi meyllik; uşaqlıq və yeniyetməlik dövründə yaranmış psixoloji problemlər; keçirilmiş stress və güclü emosional sarsıntılar aiddir.
İrsi meyllik
Depressiya irsi meylliyi olan xəstəliklərə aiddir. Depressiyanın irsən ötürüldüyünü demək olarmı? Əgər sizin “genetik proqramınızda” depressiyaya meyllik varsa, bu heç də o demək deyil ki, siz mütləq depressiya xəstəliyinə düçar olacaqsınız. Xəstəliyin inkişaf etməsi üçün “genetik depressiv proqramı” işə salan digər amillər də olmalıdır.
İrsi meyllik yalnız sizin depressiya ilə xəstələnmək riskinizin artıq olduğunu göstərir. Lakin bu, dəqiq proqnoz deyil, yalnız xəstələnmək ehtimalınızın “adi” adamla müqayisədə nisbətən çox olduğunu bildirir. Nəzərə almaq lazımdır ki, irsi meylliyi olmayan insanın da xəstələnmək “şansı” kifayət qədər yüksək olub birin beşə nisbətinə bərabərdir.      
Uşaqlıq və yeniyetməlik dövrünün psixoloji problemləri
İnsanın psixikası, xasiyyəti, temperamenti təkcə genetik informasiya əsasında deyil, həm də uşaqlıq dövründə necə inkişaf etməsi ilə əlaqədar formalaşır. İnsanın özü və ətraf aləm haqqında təsəvvürləri məhz uşaq yaşlarında inkişaf edib yetişir. Psixi inkişaf problemləri sonradan depressiya amilləri kimi çıxış edə bilən müəyyən psixoloji komplekslər əmələ gətirir. 
Stress və güclü emosional sarsıntılar
İrsi meyllik və uşaq yaşlarında formalaşmış psixoloji komplekslər heç də həmişə insanda depressiyanın yaranmasına səbəb olmur. İnsanın depressiyaya düşməsi üçün çox vaxt “təkan” rolunu oynayan xarici amillərin olması vacibdir. Belə xarici amillərə ağır stress və insanın həyatında baş verən neqativ hadisələrlə bağlı emosional sarsıntılar aiddir.
 

  DEPRESSİYANIN ƏSAS ƏLAMƏTLƏRİ HANSILARDIR? yuxarı

Depressiya zamanı baş beyində müəyyən dəyişikliklər baş versə də, hazırda nə laborator analizlər, nə də xüsusi müayinə üsulları (rentgen, ensefaloqrafiya, kompüter tomoqrafiyası və s.) depressiyanı aşkar etmir.  Depressiya diaqnozu insanın emosional vəziyyətində baş verən bir sıra xarakter pozuntu əlamətlərinə (simptomlarına) əsasən qoyulur. Bu xüsusi simptomlar aşağıdakılardır:
-        əhvali-ruhiyyənin enməsi (bütün gün ərzində və ya sutkanın çox hissəsində);
-        insan heç nəyə maraq göstərmir, əvvəllər müsbət emosiyalar doğurduğu şeylər ona zövq vermir;
-        iş qabiliyyəti enir, tez yorulur;
-        fikrini cəmləşdirə bilmir, diqqət ilə bağlı problemlər yarana bilər;
-        insan özünü olduğundan aşağı qiymətləndirir;
-        insanda günahkarlıq hissi yaranır, tez-tez keçmiş səhvləri haqqında düşünür, bütün pis işlərdə özünü təqsirli sayır;
-        gələcək haqqında bədbin fikirdə olur;
-        ölüm haqqında çox düşünür, intihar barədə fikirlər yarana bilər;
-        yuxu və iştaha pozulur.  
Depressiyaya xas olan digər əlamətlər də var. Depressiya xəstəliyi keçirən insanda bu əlamətlərin hamısı eyni  zamanda olmaya da bilər. Depressiya diaqnozu həkim tərəfindən təyin olunur. Bu zaman müəyyən simptomların ağırlıq dərəcəsi, davametmə müddəti və onların müştərək rast gəlinməsi əsas götürülür.
 

   SİZDƏ DEPRESSİYANIN OLMASINI NECƏ ÖYRƏNƏ BİLƏRSİNİZ? yuxarı

Əgər sizə müəyyən müddət ərzində daimi olaraq DEPRESSİYANIN ƏSAS ƏLAMƏTLƏRİ HANSILARDIR? bölməsində göstərilmiş əlamətlər qeyd olunursa, diaqnozu dəqiqləşdirmək üçün həkimə müraciət etməyiniz vacibdir.   
Psixi vəziyyətinizi qiymətləndirmək üçün xüsusi testlərdən də istifadə edə bilərsiniz. Bu testlərə cavab verərkən siz depressiyanın bu və ya digər əlamətlərinin sizdə nə dərəcədə olduğunu qeyd edirsiniz. Cavabların cəminə görə siz müəyyən bal toplayırsınız. Topladığınız bala əsasən siz özünüzdə depressiyanın olub-olmamasını yüksək ehtimalla təyin edə bilərsiniz. Özünüzü yoxlamaq üçün buraya daxil olun.
 
   DEPRESSİYANIN MÜXTƏLİF FORMALARI yuxarı
Depressiv pozuntunun müxtəlif formaları var.
Tipik depressiv pozuntu (Böyük depressiya). Depressiyanın ən geniş yayılmış formasıdır. Onun səciyyəvi əlamətləri DEPRESSİYANIN ƏSAS ƏLAMƏTLƏRİ HANSILARDIR?bölməsində göstərilmişdir. Bu əlamətlər orta dərəcədən ağır dərəcəyədək dəyişə bilər. Simptomlar uzun müddət ərzində - bir neçə həftədən 2 ilə qədər davam edir. Adətən müalicə aparmadıqda xəstəlik orta hesabla 6 aya yaxın çəkir.
Atipik depressiya. Depressiyanın bu xüsusi formasında depressiv pozuntunun tipik əlamətlərindən başqa səciyyəvi olmayan bir sıra əlamətlər də olur. Bu əlamətlərə aşağıdakılar aiddir:
·         iştahanın güclənməsi və bunun nəticəsində bədən çəkisinin artması;
·         yuxululuq; bəzən insan sutkanın çox hissəsini yatır;
·     “emosional reaktivlik” və ya xarici qıcıqlara emosional reaksiyanın güclənməsi: atipik depressiyadan əziyyət çəkən insan xoş xəbər eşitdikdə əhvalı xeyli yaxşılaşır, lakin bu vəziyyət ötəri olub tez keçir; bununla yanaşı, atipik depressiyada olan insan ətrafdakıların soyuq yaxud mənfi münasibətinə güclü həssaslıq göstərir və bu onun vəziyyətini xeyli pisləşdirir.
Mövsümi affektiv pozuntu. Depressiyanın bu formasının əsas xüsusiyyəti onun müəyyən fəsillərdə özünü büruzə verməsidir. Depressiyanın bu forması, adətən, hər il mütəmadi təkrar olunur.  
Bipolyar pozuntu. Emosional pozuntulara aid olan bu xəstəlikdə depressiv faza mövcuddur. Həmin depressiv fazada olan insanın vəziyyəti demək olar ki ağır formalı depressiv pozuntuda olduğu kimidir. Lakin siz bilməlisiniz ki, əlamətlərin oxşarlığına baxmayaraq depressiya və bipolyar pozuntu müxtəlif xəstəliklərdir və onların müalicəsi də fərqlənir. Buna görə də, sizi hazırda depressiya əlamətləri narahat edirsə, lakin əvvəllər əhvalınızın və fəallığınızın qeyri-adi yüksəlməsi halları olubsa, həkimə müraciət edərkən bu barədə ona mütləq məlumat verin. Saytımızda bipolyar pozuntuya həsr olunmuş ayrıca məqalə ilə tanış ola bilərsiniz.
 
   DEPRESSİYA NECƏ MÜALİCƏ OLUNUR? yuxarı                         
Depressiya – ciddi xəstəlikdir. Buna görə də, onu mütləq müalicə etmək lazımdır. Depressiyanın iki əsas müalicə üsulu var: dərman müalicəsipsixoterapiya. Depressiyanın dərman müalicəsində müxtəlif farmakoloji preparatlardan istifadə olunur. Müalicə əsasən antidepressantlar qrupuna daxil olan dərmanlarla aparılır.
Əgər siz depressiya ilə əlaqədar dərman qəbul edirsinizsə, aşağıdakıları bilməlisiniz:
-         Dərman preparatları ilə müalicə əksər hallarda pasiyetlərin sağalması ilə nəticələnir;
-     Depressiyanın müalicəsi zamanı dərmanların müsbət təsiri bir müddətdən sonra yaranır. Adətən, mütəmadi dərman qəbulundan 1-2 həftə sonra depressiya keçirən insan özündə yaxşılaşma hiss etməyə başlayır. Müalicənin gedişində depressiyanın əsas əlamətlərinin tam keçməsi üçün isə 1-1,5 ay vaxt tələb olunur;
-       Dərmanların bəzi “kənar” xoşagəlməz təsirləri var. Onlara ağızda quruluq hissi, qəbizlik, əzginlik və s. aiddir. “Kənar” təsirlərin meydana çıxması pasiyentin bədən çəkisindən, cinsindən, dərmana fərdi həssaslığından və ən əsası qəbul edilən dərmanın dozasından asılıdır.
-         İnsanlar bir sıra hallarda özlərini bir qədər yaxşı hiss etməyə başlayanda dərman qəbulunu dayandırırlar. Bu xəstəliyin qayıtmasına (tibbdə bu residiv adlanır) gətirib çıxara bilər. 
-      Depressiya əlamətlərinin təkrarən qayıtmasının qarşısını almaq üçün müəyyən müddət ərzində dərman qəbulunu davam etdirmək lazımdır. Adətən, depressiyanın əlamətləri keçdikdən sonra da 3 aydan 9 aya qədər  dərman qəbulu məsləhət görülür.  Bu dövrdəki müalicə “qoruyucu” adlanır və adətən kiçik dozalarla aparılır. Dərman müalicəsinin müddəti həkim tərəfindən fərdi qaydada müəyyən edilir. 
-     Müxtəlif dərman preparatlarının düzgün istifadə edilməməsi depressiyadan əziyyət çəkən pasiyentin sağlamlığına ciddi ziyan vura bilər. Ona görə də müalicə üçün konkret dərmanların seçimi, onların qəbul qaydası, dozası və s. yalnız həkim tərəfindən təyin edilir. Özbaşına aparılan müalicənin sağlamlıq üçün çox təhlükəli olduğunu unutmayın!         
Dərman müalicəsindən başqa depressiyanın müalicəsində psixoterapiyadan da istifadə olunur.
Psixoterapiya – psixoloji üsullar və metodlar vasitəsilə həyata keçirilən müalicədir. Depressiya müalicəsi zamanı psixoterapiya dperessiv xəstəliyin əsasında duran müxtəlif psixoloji problemlərin (emosional, şəxsi və s.) həllinə yönəlir. Bu müalicə metodu pasiyentin mütəmadi olaraq (bir qayda olaraq, hər həftə)  psixoterapevtlə ünsiyyətdə olmasını nəzərdə tutur. 
Depressiyanın müalicəsində tövsiyə olunan psixoterapiya metodları aşağıdakılardır:
Koqnitiv-biheyvioral psixoterapiya depressiyanın əsasında duran düşüncə və davranış stereotiplərini dəyişməkdə pasiyentə kömək etməyə yönələn psixoterapiya metodudur. Depressiyaya düçar olmuş insanlar daim pis şeylər haqqında düşünür və onlarda “depressiv təfəkkür”  formalaşır. Koqnitiv-biheyvioral psixoterapiya pasiyentin neqativ fikirlərini aşkar etməyə və onların yanlış olmasını dərk etməkdə ona kömək edir. Bu psixoterapiya metodu, adətən, həftədə 1 dəfə olmaqla 12-20 psixoterapevtik sessiya keçirilməsini nəzərdə tutur.    
İnterpersonal (şəxslərarası) psixoterapiya – pasiyentin həyatında emosional cəhətdən yaxın insanlarla münasibətlərindəki problemlərin həllinə yönəlmiş psixoterapiyadır. Psixoterapevt pasiyentə yaxın adamları ilə münasibətlərini nizamlamağa və yaxşılaşdırmağa kömək edir. Bunun nəticəsində pasiyentin emosional vəziyyəti yaxşılaşır və depressiya simptomları azalır. Bu psixoterapiya metodu da, adətən, həftədə 1 dəfə olmaqla 12-20 psixoterapevtik sessiya keçirilməsini nəzərdə tutur. 
Psixodinamik psixoterapiya – Freydin psixoterapevtik nəzəriyyəsindən qaynaqlanan psixoterapiya metodudur. Psixodinamik psixoterapiyanın əsas məqsədi insayta nail olmaq, yəni şüuraltı psixi prosesləri üzə çıxarmaq və dərk etməkdir. Bu məqsədlə pasiyentin uşaqlıq və yeniyetməlik dövründə formalaşmış psixoloji kompleksləri və davranış stereotipləri öyrənilir və analiz edilir. Psixodinamik psixoterapiya uzunmüddətli müalicə metodu olub adətən bir neçə ay yaxud il davam edir.            
Dərman müalicəsi və psixoterapiya biri-birini inkar etmir. Əksinə, hazırda depressiyaların müalicəsində dərman müalicəsinin və psixoterapiyanın müştərək istifadəsi ən səmərəli üsul hesab edilir.
 
Məqalənin müəllifləri: Dr. Murad Sultanov, Dr. Rauf Qəmərlinski
 
Bu məqalə depressiv pozuntusunun müxtəlif aspektləri barədə ümumi məlumat verir. Əlavə informasiya üçün bizim saytın mütəxəssislərinə müraciət edə bilərsiniz.